BAKI, 30 sentyabr. TELEQRAF
“Azərbaycanın hər bölgəsindən bu oyuna maraq çoxdur. Bu rəqibə qarşı bacardığımız qədər yaxşı hazırlaşdıq. İnanıram ki, futbolçularım öz oyunu ilə azarkeşləri sevindirməyi bacaracaqlar”.
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II turunda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
“Sevindirici haldır ki, belə böyük turnirin Bakıda oyunu keçiriləcək. Həm sevincli, həm də məsuliyyətliyik. “Qarabağ”a diqqət varsa bu, Azərbaycana olan diqqətdir. Ümumilikdə, belə oyunlarda qələbələr futbolçulara inam verir. Həm də futbola yatırım qoymaq istəyənlərə ilham verir. Futbol idmanın şahıdır. Burada qazanılan qələbələr illərlə danışılır. Bunu düşünərək yola çıxırıq. Ən vacibi odur ki, bu gün hamı inamla stadiona gəlir. Biz bunu dərk edirik. Həyacan təbii ki, var. Həmişə demişəm ki, həyəcan varsa, məsuliyyət var. Ola bilər, ilk dəqiqələrdə həyəcan olsun, buna görə, yıxıla, uduza, hirslənə bilərsən. İnanıram ki, bu həyəcan qələbə ilə nəticələnəcək” - 53 yaşlı mütəxəssis bildirib.
Qurbanov, 2017-ci ildə Çempionlar Liqası matçları BOS-da keçirilməsi, hazırda Tofiq Bəhramov adına Respublika Stadionunun durumuna da aydınlıq gətirib: “Bəlkə futbolçular özlərini daha rahat hiss edirlər. Əsas Bakıda olmağımızdır. Bəlkə BOS-da da oyunları keçirə bilərdik. Orada lazım olsaydı. Geniş arenanı Avropaya göstərməyimiz faydalı iş olardı. Meydança amili rol oynayır. BOS-da da olsaydı, məsuliyyət eyni qalacaqdı. Stadionun ot örtüyü normaldır. Nə qədər yaxşı görünməsə belə, həmişə razı qalmışıq. Başa düşürük ki, elə period olur, istədiyini əldə edə bilmirsən. İqlimdən də çox şey asılıdır. Bizim şəhər fərqli iqlimdədir. Buna baxmayaraq, əvvəlki illərə baxanda, daha yaxşı duruma doğru gedir”.
Mütəxəssis sabahki görüşdə qalib gəlməyin yolunu açıqlayıb: “Bütün rəqiblərə qarşı. İstənilən rəqibə qalib gəlmək üçün hazırlaşırıq. Rəqibdən də çox şey asılıdır. Amma bacardığımız qədər hazırlaşmışıq. Çalışacağıq ki, qalibiyyət üçün artığını da edək. Ancaq qarşımızda "Kopenhagen" var. Onların da göstərəcəyi oyuna hazır olmalıyıq”.
Mütəxəssis rəqibin bəzi problemlər yarada biləcəyini bildirib: “Həmişə çox istəmişəm ki, Bakıdakı matçlarda qonaqlar çox olsun, xüsusilə də jurnalistlər. Bakımızla yaxından tanış olsunlar. “Kopenhagen”lə 2017-ci ildə orada oynaydan şəhəri çox bəyənmişdim. Xatirimdə qalan ən öndə olan şəhərlərdən biridir. Rəqibə gəldikdə, üstün cəhətləri çoxdur. Çünki sistemli bir oyun oynayırlar. Bu, bir tərəfdən asandır. Rəqibinizin nə etmək istədiyini biləndə, qarşısını almaq asandır. Amma tapşırıqları futbolçuların yaxşı yerinə yetirməsi problem ola bilər. Təhlillər edib komandaya demişik. Sabah oyunun gedişatında meydanda taktiki savaş gedə bilər. Hər bir halda böyük istəklə, böyük diqqətlə oynayacağıq. "Kopenhagen" elə rəqibdir ki, nəticədən asılı olmadan, oyundan həzz ala bilərəm. Ola bilər ki, 90 dəqiqə sırf meydannın içində olum. Rəqibin bəzi dəyişiklikləri, sürətli hücumları, bəzi mövqe hücumları bizə problemlər yarada bilər. Hamımız 90 dəqiqə oyunun içində olmalıyıq ki, rəqib bizim üçün problem yaratmasın”.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Niderlandlı hakim Sərdar Gözüböyünün idarə edəcəyi qarşılaşma saat 20:45-də start götürəcək.