BAKI, 4 noyabr. TELEQRAF
“Artıq bir ilə yaxındır ki, komandamız təlim-məşq toplanışları çərçivəsində bu yarışa hazırlaşır. Ölkəmiz ilk dəfədir belə bir yarışa ev sahibliyi edir. Bu çempionat idmançılarımız üçün böyük təcrübədir”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan komandasının baş məşqçisi Orxan Mustafayev Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis komandadan yüksək nəticələr gözlədiyini bildirib:
“Komandamız yüksək ruhla, əzmlə bu yarışa hazırlaşıb. Komandamızdan medallar gözləyirik. Təşkilatçı ölkə olaraq üzərimizə çox böyük məsuliyyət götürmüşük. Komandamız, məşqçilər korpusu və idmançılar böyük ruh yüksəkliyi, xarakter və əzmlə bu yarışa hazırlaşıblar. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
Bu idman növü ümumilikdə dörd yarış növündən ibarətdir. Artıq yarışlara start verilib. Hücum nərdivanı növündə komandamız nəticə göstərib. Ən böyük ümidimiz döyüş açılışı növünədir. Bu, həm bizim peşəmizdir, həm də həmin növə çox ciddi hazırlaşmışıq.
Komandamız dünya çempionatlarında və beynəlxalq turnirlərdə iştirak edib. Çinin Harbin şəhərində keçirilən dünya çempionatında döyüş açılışı növü üzrə üçüncü yeri tutmuşuq. Ümid edirik ki, ölkəmizdə, paytaxtımızda keçirilən yarışda həmin nəticəni təkrarlayacaq, hətta daha yüksək nailiyyət əldə edəcəyik”.
Qeyd edək ki, dünya çempionatı üç gün davam edəcək.