XANKƏNDİ, 9 noyabr. TELEQRAF
Xankəndi şəhərində Zəfər Gününə həsr olunan “Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib.
Noyabrın 9-dan 11-dək “Xankəndi” hotelində təşkil olunacaq düşərgədə gənclər üç gün ərzində müxtəlif maarifləndirici, interaktiv və mədəni fəaliyyətlərdə iştirak edəcəklər.
Proqram çərçivəsində zəfər tarixinə həsr olunmuş görüşlər və müzakirələr, Vətən müharibəsi və Qarabağın tarixi ilə bağlı interaktiv fəaliyyətlər, liderlik və komanda quruculuğu sessiyaları keçiriləcək.
Bununla yanaşı, iştirakçılar öz ideya və təşəbbüslərini təqdim edəcək, mədəni və sosial proqramlara qatılacaq, Qarabağın tarixi-mənəvi irsi ilə tanış olacaqlar.
Qeyd edək ki, düşərgə Zəfər Gününün qeyd olunması və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği məqsədi daşıyır.