BAKI, 10 noyabr. TELEQRAF
TOVUZ, 10 noyabr. TELEQARF
“Doqquz ildən sonra Azərbaycan komandası qrup mərhələsinə yüksəlib. Bu günə qədər heç bir bölgə komandası Çempionlar Liqasında təmsil olunmayıb. Biz ilkə imza atdıq. Bölgə komandaları arasında ilk dəfə çempion olduq. İnşallah, bundan sonra da daha böyük işlərə imza atmağa, nailiyyətlərimizin sayını artırmağa çalışacağıq”.
Teleqraf xəbər verir ki, bunu tarixində ilk dəfə CEV Çempionlar Liqasının qrup mərhələsinə yüksələn qadınlardan ibarət “Turan” klubunun prezidenti Həsən Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O, Bolqarıstanın “Maritsa” klubunu Tovuzda məğlub edərək tarixi uğura imza atmaları ilə bağlı təəssüratını bölüşüb:
“Bu, çox möhtəşəm hissdir. İstəsəm də, sözlə ifadə edə bilmərəm. Vallah, həyəcan çox böyükdür.
Oyun heç də asan keçmədi. Çox həyəcanlı qarşılaşma oldu. İkinci hissədə müəyyən rahatlıq yarandığını deyə bilərik. Amma birinci hissənin müəyyən məqamında artıq qələbənin qoxusunu hiss edirdim. Oyunu daha erkən bitirə biləcəyimiz halda qarşılaşma uzana bilərdi. Açıq və səmimi danışsaq, çox həyəcanlı oyun idi.
İtaliya və Serbiya kimi ölkələrin komandaları ilə üz-üzə gələcəyik. Türkiyə təmsilçisi də var. Çox güclü rəqiblərimiz olacaq. Qrupdakı komandaların ad-sanı bütün dünyaya bəllidir. Onların heyətindəki oyunçular illərdir çempionatlarda, qrup və pley-off mərhələlərində, hətta “Dördlər finalı”nda da çıxış edirlər.
Amma biz də bura elə-belə çıxış etməyə gəlməmişik. Bunu sübut etməyə çalışacağıq. Rəqiblərin adı bizi qorxutmur. Komanda ilə söhbətlərimdə bütün heyətimizə həmişə bunu aşılayıram: çətin ola bilər, amma mümkünsüz heç nə yoxdur”.