BAKI, 4 noyabr. TELEQRAF

Bakıda yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatının mükafatlandırma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı İdman Akademiyasının stadionunda keçirilən yarışda kişilər arasında hücum nərdivanı ilə 4-cü mərtəbəyə qalxma növündə ilk üç yeri Rusiya idmançıları tutublar.

Dmitri Qrebenşikov qızıl, Zelimxan Kubayev gümüş, Stanislav Titorenko isə bürünc medal qazanıb.

Qadınlar arasında hücum nərdivanı ilə 2-ci mərtəbəyə qalxma növündə isə Mariya Kataseva (Rusiya) birinci, Aleksandra Lasenkova (Belarus) ikinci, Yekaterina Sidorenko (Rusiya) üçüncü yeri tutub.

Qeyd edək ki, çempionat çərçivəsində idmançılar dörd növ üzrə mübarizə aparırlar: hücum nərdivanı ilə tədris qülləsinin ikinci və dördüncü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4x100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.