TOVUZ, 10 noyabr. TELEQRAF
“Azərbaycan xalqını Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Bu, bizim kiçik bir qələbəmiz idi və şəhidlərimizə həsr olundu. Allah Azərbaycanı, türk millətini qorusun”.
Teleqraf xəbər verir ki, bunu tarixində ilk dəfə CEV Çempionlar Liqasının qrup mərhələsinə yüksələn qadınlardan ibarət “Turan” klubunun baş məşqçisi Ziya Rəcəbov jurnalistlərə açıqlamasında deyib.
Bolqarıstanın “Maritsa” klubunu Tovuzda məğlub edərək qələbəni Zəfər Gününə həsr edən mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaları barədə danışıb:
“Faiq Qarayevdən sonra ilk azərbaycanlı məşqçi olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Çox xoşbəxtəm. Faiq müəllimin yolunu gedirəm. O, doğrudan da Azərbaycan voleybolunun tacıdır. Bu il məni milli komandaya dəvət etməsi böyük təcrübə qazandırdı. Belə də davam edəcəyəm. Allah ona can sağlığı versin.
Bu, mənim üçün də ilk idi. Həm Çempionlar Liqasında ilk dəfə iştirak edirdim, həm də baş məşqçi kimi ilk addımımı atırdım. Düşünürəm ki, bu addım qənaətbəxş oldu. İnşallah, bundan sonra da çox çalışacaq, mənə göstərilən inamı doğruldacağam. Niyə də Azərbaycandan belə məşqçilər çıxmasın?
Məndən başqa da məşqçilər var: Fəmil Ağayev, Emin Əbilov, Cavid Süleymanov. Bu, doğrudan da qürurvericidir. Üç klubumuz varsa və Avropa turnirlərində iştirak edirsə, hər üçünün baş məşqçisinin azərbaycanlı olması sevindiricidir.
Faiq Qarayevin adını çəkdin. Ötən oyunda burada idi, amma bu gün gəlməmişdi. Bir qədər əvvəl mənə zəng etmişdi, söhbətləşdik, bəzi texniki məqamlarla bağlı məsləhətlər verdi. Lakin Zəfər Günü ilə əlaqədar Tovuza gələ bilməyəcəyini bildirdi.
Qızlarım möhtəşəm idilər. Azarkeşlər də möhtəşəm idi.
Ayşən Abduləzimova komandamızın özəyi idi. Ən çətin məqamda bunu gördünüz. Bu, mənim şəxsi hissiyatım idi. Düşündüm ki, çətin vəziyyətdə Ayşən meydana daxil olsun və bizi xilas etsin. Elə də oldu. Yəqin ki, siz də, voleybol ictimaiyyəti də bunu başa düşdünüz.
Təbii ki, bu, alınmaya da bilərdi. Amma bütün komanda Ayşənə inanır. Elə buna görə də kapitandır. Onun xarakteri də buradan irəli gəlir. Marta da həqiqətən xarakterli oyunçudur. Biz Marta Drpanın yoxluğunda onun üçün oynadıq. O, zədələndiyi üçün komandaya qoşula bilməmişdi. Çempionluğumuzda çox böyük rolu olan Martaya da təşəkkür edirəm. İnşallah, tezliklə yenidən sıralarımıza qayıdacaq”.
Mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Tovuzda keçirmək istədiklərini bildirib:
“Çempionlar Liqasının qrup mərhələsində oyunlarımızı Tovuzda keçirməyimiz hələ dəqiq deyil. Amma mənə elə gəlir ki, bu məsələ rəsmiləşəcək. Niyə belə düşünürəm? Çünki CEV də bunu görür. Avropadan gələn komandaların belə isti münasibətlə qarşılanması, inanın ki, Avropada yoxdur. Biz Avropaya gedəndə, istər Azərbaycan, istərsə də başqa komanda olsun, bir qədər soyuq münasibətlə qarşılaşırıq. Amma biz isti münasibət göstərən Qafqaz millətiyik. Xüsusilə də Azərbaycan xalqı qonaqlara çox mehriban yanaşır.
Rəqib komandaları olsalar da, qonaqları güllə, çiçəklə qarşılayırıq. Bu, həm də bir təbliğatdır. Başa düşürsünüz? Bölgədə bunu təbliğ etmək, insanlara aşılamaq lazımdır. Niyə də olmasın? Bura kiçik bir əyalət, balaca bir şəhərdir. Amma görün nə qədər böyük ajiotaj var. Sözün düzü, bunu təsəvvür etmək çətindir. Televiziyadan izləyənlər, Bakıdan gələn qonaqlar…
Tovuz camaatının da böyük marağı var. Bunun üçün Gəncə aeroportunun işlək vəziyyətə gətirilməsi, müvafiq müraciətlərin olunması məsələsi də gündəmə gələ bilər. Bu, dövlət başçısı səviyyəsində həllini tapa biləcək məsələdir. Allah ona da can sağlığı versin. Yəqin ki, lazımi şərait yaradılar”.
Qeyd edək ki, Azərbaycan təmsilçisi qrup mərhələsində İtaliyanın “Savino Del Bene Skandiççi”, Türkiyənin “Əczaçıbaşı” və Serbiyanın “TENT” klubları ilə D qrupunda mübarizə aparacaq.