BAKI, 29 iyul. TELEQRAF

Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtı Afinadada keçirilən U-17 dünya çempionatının finalına yüksəlib.

Teleqraf xəbər verir ki, bunlar Hikmət Haqverdiyev və Əli Nəzərovdur.

51 kq çəki dərəcəsində yer alan Haqverdiyev debütdə rumıniyalı Andrey Pelean üzərində inamlı qələbə qazanıb – 7:0. O, daha sonra norveçli Abu Bakar Saqaya şans tanımayıb – 9:2. Haqverdiyev yarımfinalda qırğızıstanlı İslam Kurbanovla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılıb – 4:3. Finalda rəqib özbəkistanlı Otabek Tursunov olacaq.

60 kq çəkidəki Nəzərov ilk mərhələdə gücünü xorvatiyalı Roko Kuriçə göstərib – 5:1. O, gürcüstanlı Lazare Qoqotişvili (10:1) və özbəkistanlı Humoyun Erkinovu (9:0) isə vaxtından əvvəl xalçadan məyus yola salıb. Nəzərov yarımfinalda iranlı Əbülfəzl Eşağini ilk xal prinsipinə əsasən (1:1) üstələyib. Qızıl medal qazanmaq üçün isə finalda qırğızıstanlı Amangəldi Ysakbayevi üstələmək lazımdır.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Abdurrahman Hüseynli (45 kq) ABŞ-dan olan Tales Silva (6:3) ilə gürcüstanlı Saba Abaşidzeni (9:6) mübarizədən kənarlaşdırıb. Avropa çempionu yarımfinalda qırğızıstanlı Nurkerim Kumarbekovla bacarmayıb – 0:7. Hüseynli bürünc medal üçün Mustafa Güvən (Türkiyə) – Timur Məhərrəmov (Ukrayna) görüşünün qalibi ilə güləşəcək.

Yusif Əhmədli (71 kq) startda türkiyəli Emirhan Çakıra tam üstünlüklə (8:0) qalib gəlib. O, gürcüstanlı Giorgi Qoqelaşvili (7:2) ilə tacikistanlı Alişer Ruzimadovu (9:5) da mübarizədən kənarlaşdırıb. Əhmədli finala çıxmağa da yaxın olub. Özbəkistanlı Bəhruzbek Vəliyevlə görüşdə 5 xallıq fərqlə önə keçən azərbaycanlı pəhləvan ikinci hissədə təşəbbüsü əldən verərək məğlub olub – 5:9. Milli üzvünün bürünc medal uğrunda görüşdə rəqibi Mohammad Kazımi (İran), Matias Onnenlehto (Finlandiya) və ya Radoslav Peryanski (Bolqarıstan) olacaq.

Səid Paşayev (92 kq) 1/8 finalda iranlı Amirsam Mohammadiyə 1:6 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Paşayev təsəlliverici görüşə çıxacaq. Rəqib moldovalı Vladislav Vasilevski olacaq.

Qeyd edək ki, təsəlliverici və medal görüşləri iyulun 30-da olacaq.