
BAKI, 19 may. TELEQRAF
İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri ölkəyə qayıdıb.
Teleqraf xəbər verir ki, “light sanda” növü üzrə mübarizə aparan Azərbaycan idmançıları yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar.
Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva (11 yaş, 38 kq) dünya çempionu olub.
Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutub.
Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov jurnalistlərə açıqlamasında dünya çempionu olan Əminə Əliyevanın əzmkarlıq nümayiş etdirdiyini bildirib: “Əminə Əliyeva ilk dəfə idi döyüş tatamisinə ayaq basırdı. Həyəcanın olması normaldır. Amma döyüşün ilk saniyələrindən göstərdiyi cəsarət hamımızı heyrətləndirdi. Bu uğurun arxasında böyük əziyyət dayanır. Əminənin nailiyyəti əzmkarlığın göstəricisidir. Əminənin şəxsi məşqçisi federasiyamızın şəxsi məşqçisi Babək Əliyevdir. O, peşəkar mütəxəssisdir”.
Federasiya rəhbəri komandaya dəstək olan bütün azarkeşlərə təşəkkür edib.