BAKI, 21 dekabr. TELEQRAF

Rusiyada Honkonq qripinin (H3N2) yoluxma hallarının pik dövrünün yanvarın ortalarına təsadüf edəcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bu sözləri TASS-a açıqlama verən Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Netesov deyib.

Onun sözlərinə görə, Yeni il bayramından sonra xəstəliyin intensiv artımı müşahidə ediləcək:

"Xəstələnmə pik həddə Yeni il bayramlarından sonra, təxminən yanvarın ortalarında çatacaq. Bayramlar zamanı insanların əsasən evdə qalması və sosial təmasları minimuma endirməsi səbəbindən yoluxma hallarında müvəqqəti azalma müşahidə olunur. Lakin işə və təhsilə qayıdışdan sonra qarşılıqlı əlaqələrin intensivliyi kəskin artır”.

Sergey Netesov qeyd edib ki, Honkonq qripi (H3N2 yarımtipli qrip virusları) 2023–2024-cü illərin epidemiya mövsümündə Rusiyada və dünyada dominant olub:

"Cari mövsümün fərqi ondan ibarətdir ki, virus gözlənilmədən iki əsas istiqamətdə təkamül edib, lakin vaksin yalnız bir altvariant üçün hazırlanıb. Bu isə peyvəndin effektivliyinə təsir göstərib. Bununla belə, xəstəliyin yayılma miqyası koronavirus infeksiyası ilə müqayisə oluna bilməz"

Sergey Netesov əlavə edib ki, ağır xəstəlik riski daha çox 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəlikləri, diabeti və HİV infeksiyası olanlar, həmçinin peyvənd olunmamış insanlar üçün yüksəkdir.