BAKI, 21 dekabr. TELEQRAF

Yerfıstığının uşağın qida rasionuna erkən daxil edilməsi gələcəkdə allergiyanın yaranmasının qarşısını ala bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Medical Xpress" jurnalı məlumat yayıb.

Məlumata görə, son araşdırma göstərib ki, valideynlər bu məhsulun uşaq qidalanmasına düzgün şəkildə daxil edilməsi ilə bağlı tövsiyələrin tətbiqində çətinliklərlə üzləşirlər.

Tədqiqatın aparıcı müəllifi, tibb elmləri doktoru, Enn və Robert H. Luri adına Uşaq Xəstəxanasının pediatrı, Şimal-Qərb Universitetinin Faynberq Tibb Məktəbində pediatriya üzrə dosent Vahida Samadi bildirib ki, bir çox valideyn yerfıstığının rasiona daxil edilməsinin immun sistemini məşq etdirərək allergiyanın qarşısını aldığını anlayır, lakin bəzi valideynlər səhvən bunun məqsədinin uşaqlarda allergiyanın olub-olmadığını yoxlamaq olduğunu düşünürlər.

“Bu yanlış fikir ağır allergik reaksiyalarla bağlı qorxuları artırır, nəticədə valideynlər tərəddüd edir və yerfıstığının rasiona daxil edilməsini gecikdirirlər. Yerfıstığı allergiyasının qarşısının alınmasında vaxt və müntəzəmlik çox vacibdir. Biz tövsiyə edirik ki, uşaq bərk qida qəbul etməyə başlayan kimi – altı ayından əvvəl və ya təxminən altı aylığında – yerfıstığı rasiona daxil edilsin. Eyni zamanda, həyatının ilk ili və erkən uşaqlıq dövründə həftədə iki dəfə yerfıstığı verilməlidir. Körpəyə yerfıstığını yalnız bir-iki dəfə vermək kifayət deyil”.

V.Samadi və həmkarları 8–13 aylıq körpələri olan valideynlərlə aparılmış 49 müsahibəni təhlil ediblər.

Araşdırma zamanı məlum olub ki, valideynlərin əksəriyyəti ekzemanın uşaqda qida allergiyası riskini əhəmiyyətli dərəcədə artırdığını bilmir.

Bu isə yerfıstığının erkən yaşda rasiona daxil edilməsini daha da vacib edir.

Mütəxəssisin sözlərinə görə, bu proses təxminən dörd aylıq dövrdə başlamalıdır.

O vurğulayıb ki, tövsiyələrin uğurla tətbiqində pediatrlar əsas rol oynayır:

"Onlar valideynlərə yerfıstığının erkən və müntəzəm qəbulu vasitəsilə allergiyanın qarşısının alındığını izah etməli, həmçinin vaxt və qəbul tezliyi ilə bağlı konkret məsləhətlər verməlidirlər. Valideynlərə izah edilməlidir ki, əgər uşağın yerfıstığına allergiyası varsa, səpgi, şişkinlik və ya qusma müşahidə oluna bilər, lakin körpəlik dövründə allergik reaksiyalar adətən yüngül keçir. Biz valideynlərə lazımi məlumat və fəaliyyət planı təqdim etməliyik ki, bu qorxular uşaqların rasionuna yerfıstığının erkən daxil edilməsinə mane olmasın”.