BAKI, 21 dekabr. TELEQRAF

"Yaponiya hazırda Ukrayna böhranından öz hərbiləşmə siyasətini irəli aparmaq üçün istifadə edir".

Teleqraf xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi yanında Yaponiya Araşdırmaları İnstitutu bəyanat yayıb.

Açıqlamada qeyd olunur ki, mövcud Yaponiya hökuməti əvvəlki kabinetlərlə müqayisədə daha təhlükəli hərbi addımlar atır və Tokio ardıcıl şəkildə bütün ölkəni hərbi gücə çevirməyə çalışır.

Pxenyanda bildirilib ki, Yaponiyanın preventiv zərbə imkanlarını genişləndirməsi, silah ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması və “üç qeyri-nüvə prinsipi”nin yenidən nəzərdən keçirilməsi Tokionun nüvə silahlanması niyyətindən xəbər verir.

Qeyd olunub ki, bu addımlar regional təhlükəsizliyə ciddi təhdid yaradır.

Bundan əvvəl Şimali Koreya rəhbəri Kim Çen İnn ABŞ, Yaponiya və Cənubi Koreya arasında formalaşan hərbi ittifaqın regionda strateji balansı pozduğunu bəyan etmişdi.

O, həmçinin vurğulamışdı ki, “düşmən mövqedə olan ölkələrlə” qarşıdurma qaçılmazdır və Şimali Koreya nüvə potensialını daha da gücləndirməlidir.