BAKI, 21 dekabr. TELEQRAF
Avropa alimləri pomidor emalı zamanı yaranan tullantıların ekoloji cəhətdən təmiz aviasiya yanacağına çevrilməsi üzrə layihəyə start veriblər.
Teleqraf xarici mediaya istinadən xəbər verir ki, təşəbbüs aviasiyada karbon emissiyalarını azaltmağı və eyni zamanda adətən atılan, yandırılan kənd təsərrüfatı qalıqlarından iqtisadi dəyər yaratmağı hədəfləyir.
Tədqiqat Avropa İttifaqı tərəfindən dəstəklənir və Avstriyanın Qrats Texnologiya Universiteti (TU Graz) tərəfindən koordinasiya olunur. Dördillik innovativ ToFuel layihəsi tullantısız və iqlim baxımından neytral biotəmizləmə zavodunun yaradılmasına yönəlib.
Dayanıqlı aviasiya yanacağı (SAF) ilə yanaşı, layihə gübrələr, heyvan yemləri və qida yağları kimi əlavə məhsulların istehsalını da nəzərdə tutur.
Layihə rəhbəri Marlen Kinbergerin qiymətləndirməsinə görə, Aİ-də yaranan pomidor tullantıları 2030-cu ilə qədər Avropanın dayanıqlı aviasiya yanacağına olan tələbatının təxminən 3%-ni ödəyə bilər.
Pomidorun dünyada kartofdan sonra ikinci ən çox istehlak edilən tərəvəz olduğunu nəzərə alsaq, əhəmiyyətli göstəricidir.
Yalnız Aİ ölkələri hər il təxminən 17 meqaton pomidor istehsal edir. Bu qədər məhsulun emalı yarpaq, gövdə, qabıq, toxum və istifadəyə yararsız meyvələrdən ibarət böyük miqdarda biokütlənin toplanmasına səbəb olur.
Layihə çərçivəsində tədqiqatçılar iki texnoloji yanaşmanı sınaqdan keçirirlər.
Birinci yanaşma ekstruziya metoduna əsaslanır: biokütlə qızdırılıb sıxılır, daha sonra təzyiq kəskin şəkildə azaldılaraq bitki hüceyrələrinin strukturu dağıdılır. Hazırlanmış material fermentasiya mərhələsindən keçir və bu zaman mikroorqanizmlər onu yanacaq istehsalı üçün yararlı lipid yağlarına çevirir.
İkinci yanaşma isə hidrotermal mayeləşdirmədir. Bu üsul yüksək temperatur və təzyiq altında nəm biokütlənin bioyağa və biokömürə çevrilməsinə imkan verir. Alınan məhsul daha sonra azot tərkibli birləşmələrdən təmizlənir, çünki bu maddələr aviasiya yanacağının sintezinə mane ola bilər.
Təmizləmə və fraksiyalaşdırma mərhələləri TU Graz, Zaqreb Universiteti və Portuqaliyanın Milli Enerji Laboratoriyasının alimləri tərəfindən birgə hazırlanır. Lipidlərin və bioyağın beynəlxalq standartlara cavab verən yanacağa son çevrilməsi isə Leoben Texniki Universitetində HEFA texnologiyası ilə həyata keçirilir. Bu metod artıq bitki və emal olunmuş yağlardan aviasiya yanacağı istehsalında geniş istifadə olunur.
M.Kinbergerin sözlərinə görə, komandanın əsas məqsədi bu yanacağı qiymət baxımından rəqabətədavamlı etməkdir: dayanıqlı aviasiya kerosini təkcə ekoloji deyil, həm də iqtisadi cəhətdən məqsədəuyğun olmalıdır. Layihə müddətində hər iki texnologiyanın sənayeöncəsi səviyyəyə qədər genişləndirilməsi və onların ekoloji, iqtisadi və sosial təsirinin qiymətləndirilməsi planlaşdırılır. Əlavə üstünlük kimi, qida sənayesi müəssisələri üçün yeni gəlir mənbələrinin yaranması da qeyd olunur.
ToFuel layihəsi rəsmi olaraq 1 yanvar 2026-cı ildə başlayacaq.
Layihəyə yeddi Avropa ölkəsindən 11 tərəfdaş qoşulacaq və təşəbbüsün ümumi büdcəsi 3,5 milyon avro təşkil edir.