BAKI, 21 dekabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Makronla dialoqa hazırdır və bu dialoq tərəflərin bir-birini anlamağa çalışmasına əsaslanmalı, nəsihət xarakteri daşımamalıdır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RIA Novosti”yə açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər qarşılıqlı siyasi iradə mövcuddursa, Fransa liderinin bu istiqamətdəki niyyətləri yalnız müsbət qiymətləndirilə bilər:
“Vladimir Putin hər zaman mövqelərini ətraflı, səmimi və ardıcıl şəkildə izah etməyə hazırdır”.
Qeyd edək ki, daha əvvəl Emmanuel Makron Avropanın yaxın həftələrdə Rusiya Prezidenti ilə dialoqu bərpa etməsinin faydalı ola biləcəyini bəyan etmişdi.