
BAKI, 16 may. TELEQRAF
İspaniya La Liqasının 36-cı turunun “Espanyol” – “Barselona” matçından əvvəl xoşagəlməz hadisə yaşanıb.
Teleqraf “AS” nəşrinə istinadən xəbər verir ki, sükan arxasında olan qadın ehtiyatsızlıq ucbatından avtomobili “Espanyol” azarkeşlərinin üzərinə sürüb.
Məlumata görə, sürücü əvvəlcə bir qızı vurub və ətrafdakılar ona qışqırmağa başlayıb. Sürücü bundan əsəbləşib və qaza basıb. Nəticədə avtomobil insanların arasından keçərkən, qəfil hərəkət edib. Xoşagəlməz olay nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.
Hadisəni törədən 45-55 yaşlarında olan qadın saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, sürücü avtomobili qəsdən izdihamın üzərinə sürmək niyyətində olmayıb.