​TƏRTƏR, 4 avqust. TELEQRAF

Avqustun 3-ü saat 18:00 radələrində 2 nəfər (kişi) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Olardan 1976-cı il təvəllüdlü şəxsə başın və sol əlin açıq yarası, 1994-cü il təvəllüdlü şəxsə isə panik atak diaqnozu təyin edilib.

Hazırda hər iki şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

***

19:55/ 03.08.25

Tərtərdə kanalda boğularaq ölən Natiq Hüseynovun qardaşı 44 günlük Vətən müharibəsi şəhididir.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, onlar ailədə 2 qardaş olublar.

Onun kiçik qardaşı Adil Hüseynov 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

***

Tərtər rayonunda kanalda boğularaq ölən şəxsin kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, meyiti kanaldan tapılan Bərdə rayon Körpüqıran kənd 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğluna məxsusdur.

Qeyd edək ki, Tərtərdə kanalda batan Bərdə sakinlərindən üç nəfəri FHN-nin əməkdaşları kanaldan çıxararaq xilas edib.

***

17.55

Tərtərdə kanalda batan Bərdə sakinlərindən bir nəfərinin də meyti tapılaraq kanaldan çıxarılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, meyit beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb. Hazırda meytin aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.

Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır.

***

17:47

Tərtərdə kanalda boğulmaqdan xilas edilən şəxsin kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, kanaldan xilas edilərək Tərtər Mərkəzi Rayon Xəstəxanasına aparılan Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğludur.

Kanalda batan digər şəxslərin axtarışları davam edir.

***

17:28

Tərtər rayonunun Cəmilli kəndi ərazisində faciəvi hadisə baş verib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Suqovuşandan çəkilən yeni beton kanala Bərdə rayon sakinləri olan 4 nəfər çimmək məqsədi ilə daxil olub. Kanalda suyun güclü axını səbəbindən onların hamısı suyun axınına qapılıb.

Yerli sakinlər hadisə zamanı bir nəfəri sudan çıxararaq Tərtər rayon xəstəxanasına çatdırıblar. Onun vəziyyəti barədə hələlik məlumat verilməyib.

İlkin məlumata görə, daha bir nəfərin meyiti kanal vasitəsilə axaraq rayonun Dəmirçi kəndi istiqamətinə keçib. Digər iki nəfərin taleyindən isə hələ xəbər yoxdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub, axtarış-xilasetmə tədbirləri davam etdirilir.