Ağstafa rayonunun Yeni Gün kənd sakini Günel Bayramova həyat yoldaşı, 42 yaşlı Oruc Əliyevin övladlarına işgəncə verdiyini iddia edir.
G.Bayramova Teleqraf-a bildirib ki, həyat yoldaşının onunla münasibətləri pozulduğu üçün atası evinə köçməli olub: "Oruc Əliyev mənə qarşı kin-küdurətini uşaqları döyməklə çıxıb. O, evdə olmayanda uşaqlarımı görməyə getdim. Oruc uşaqları mənimlə görüşdükləri üçün döyüb, işgəncə verib. Övladlarımın biri 4-cü, biri 3-cü, digəri isə 1-ci sinifdə oxuyurlar. İçki düşkünü olan həyat yoldaşım tez-tez uşaqları döyür. Bu gün övladlarımı həkimə apardım, bədənləri döyülməkdən göyərmişdi"
Ağstafa rayon Xəstəxanasından Teleqraf-a bildirilib ki, müayinə zamanı azyaşlılarda ciddi xəsarət aşkar edilməyib.
Daha öncə ailəli olan G.Bayramova və O.Əliyevin üç övladları - iki oğlan və bir qızları var.
Qadının birinci evliliyindən iki övladı var. Onlar qadının anasının himayəsindədirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunundan bildirilib ki, məsələ ilə Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.