​BAKI, 5 mart. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhərində yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsi, 1 ünvanında yerləşən “Arzu” mərasim evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektdə yanğın su hovuzu mövcud deyil;
- obyekt tikinti norma və qaydalarının tələblərinə uyğun ehtiyat təxliyə çıxışı ilə təmin olunmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri, o cümlədən odsöndürən balonlarla təmin olunmayıb;
- təxliyə planı mövcud deyil;
- obyektin tavan hissələri yanar material olan lambirlə üzlənilib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsi, 1 ünvanında yerləşən “Arzu” mərasim evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.