
BAKI, 6 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın komandasının üzvləri Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi əsas siyasi rəqibləri ilə gizli danışıqlar aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Qeyd edilir ki, ABŞ rəsmiləri Ukrananın sabiq baş naziri Yuliya Timoşenko və keçmiş prezident Petro Poroşenko ilə danışıqlar aparıblar. Müzakirələr zamanı Ukraynada mümkün növbədənkənar prezident seçkiləri müzakirə edilib.
Trampın köməkçiləri əmindirlər ki, Zelenski müharibə yorğunluğu və korrupsiya ilə bağlı ictimai narazılıq səbəbindən bütün səslərini itirəcək. Bununla belə, son sorğu göstərir ki, Zelenski əvvəlki kimi yenə də prezidentlik uğrunda yarışda liderdir.
Mənbələr ABŞ liderinin Zelenskini hakimiyyətdə görmək istəmədiyini deyirlər. Tramp ötən günlərdə Zelenskini “seçkisiz diktator” adlandırmış, ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru Tulsi Qabbard isə Kiyevi seçkilərdən yayınmaqda ittiham etmişdi.
“Trampın komandası seçkilərin Zelenskinin hakimiyyətinə son qoyacağına düşünsə də, o, hələ də Timoşenko və Poroşenkodan daha populyardır”, - nəşr yazır.
Ötən həftə Ağ Evdə Zelenski ilə yaşanan mübahisənin Trampın Ukraynada hakimiyyət dəyişikliyi ilə bağlı fikrini qətiləşdirdiyi bildirilir.