
BAKI, 6 mart. TELEQRAF
Avropa Donald Trampın qitənin təhlükəsizliyinin təmin edilməsində ABŞ-nin rolunu azaltmaq istəyinə cavab verməlidir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa buna yeni güc mərkəzi yaratmaqla nail ola bilər.
"Trampın hərəkətləri hamımız üçün həyəcan təbili çalır, bu isə o deməkdir ki, biz birləşməli və öz güc mərkəzimizi yaratmalıyıq", - Hakan Fidan vurğulayıb.
XİN rəhbəri qeyd edib ki, NATO "dağılacağı" təqdirdə Türkiyə Avropanın yeni təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazır olacaq: "Cin şüşədən çıxıb və onu geri qaytarmaq mümkün deyil. Prezident Tramp hələlik Avropanı tərk etməmək qərarında olsa belə, ola bilsin ki, gələcəkdə oxşar baxışlara və siyasi ideyalara malik olan kimsə ABŞ-nin Avropa təhlükəsizliyinin təmin edilməsində iştirakını məhdudlaşdırmaq imkanını nəzərdən keçirsin".
Xatırladaq ki, Donald Tramp dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını ifadə edib.
O, hətta prezident seçilməzdən əvvəl avropalı tərəfdaşlarını öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti götürməyəcəkləri təqdirdə ABŞ-ni hərbi alyansdan çıxarmaqla hədələyib.