
BAKI, 6 mart. TELEQRAF
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə hökm oxunub.
Teleqraf xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən proses yekunlaşıb.
Məhkəmə müşavirəyə yollanıb, daha sonra hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayevə 1 il sınaq müddəti olmaqla 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə təyin edilən cəza şərti hesab edilib.
***
11:41
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Teleqraf xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunur.
Qeyd edək ki, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi "MedEra" Hospitalda Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini qeyd edib.
Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.