.jpg)
BAKI, 6 mart. TELEQRAF
Xalq artisti Ağadadaş Ağayevlə insident yaşayan "MedEra" Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun işi üzrə hökm oxunub.
Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrlik etdiyi proses yekunlaşıb.
Hökmə əsasən, təqsirləndirilən Nürəddin Cəlilov 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəza 2 il müddətində şərti hesab olunub.
Qeyd edək ki, bundan əvvəl eyni ittihamla Ağadadaş Ağayevin cinayət işi ayrı icraatda Binəqədi Rayon Məhkəməsinə göndərilib. Ağadadaş Ağayevin cinayət işinə hakim Vüsal Tağıyevin sədriyi ilə baxılıb. Xalq artistinə bu gün şərti cəza verilib.
İttihama görə, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Xatırladaq ki, tərəflər arasında rəsmi şəkildə barışıq əldə olunub.