BAKI, 6 mart. TELEQRAF

Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.

Bu barədə Teleqraf-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

09:58

Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia ediblər. Məktəbin müəllimləri direktorun valideynlərin yanında onları təhqir etdiyini, "dərs dilənçiləri", "hinduşkabaş" kimi ifadələr işlətdiyini bildiriblər.

Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

"Bakı şəhəri 301 nömrəli tam orta məktəbin bir qrup müəllimi tərəfindən məktəbin direktorunun davranışı barəsində ünvanlanmış müraciətlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Təhsil müəssisələrində səmərəli tədris mühitinin və peşəkar işgüzar münasibətlərin qorunması prioritet məsələlərdəndir".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən həmçinin bildirilib ki, məktəbin direktoru Sarıyeva Sevda Rövşən qızına bir dəfə əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə xəbərdarlıq edilib.

İddialarla bağlı direktorun fikirlərini öyrənmək üçün məktəblə əlaqə saxladıq. Bildirildi ki, Sevda Sarıyeva hazırda məktəbdə deyil, büllütenə çıxıb. Həmçinin direktorun bu barədə danışmaq istəmədiyi vurğulandı.