
BAKI, 6 mart. TELEQRAF
Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Vergitutma" indikatoru üzrə müvafiq sahədə təkmilləşmələr və kommunikasiyanın həyata keçirilməsi məqsədilə 2025-ci il üçün Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
Teleqraf xəbər verir ki, Yol Xəritəsinə əsasən, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizminin stimullaşdırılması, müraciətlər və qəbul edilmiş qərarlarla bağlı məlumatların şəffaflığının artırılması və əlçatanlığının təmin olunması üçün hesabatlılıq sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, ekoloji vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə beynəlxalq təcrübə öyrəniləcək və hazırlanan icmal Komissiyaya təqdim olunacaq.
2025-ci ildə mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçid təmin ediləcək, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə mərhələli keçid tətbiq olunacaq. Həmçinin, "Biznes mühitini və vergi yükünü araşdır" və "Vergitutma rejiminin seçimi" adlı yeni elektron xidmətlərin yaradılması planlaşdırılır.
Xatırladaq ki, "Vergitutma" sahəsində müvafiq yol xəritəsinin həyata keçirilməsinə məsul olan "Vergi və hesabatlılıq" İşçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.