BAKI, 6 mart. TELEQRAF

Novruz bayramı ilə əlaqədar “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 8-19 mart tarixlərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.

Teleqraf xəbər verir ki, 12 gün fasiləsiz davam edəcək yarmarkada ümumilikdə 20-dən artıq regiondan 55-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçiriləcək.

Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.