BAKI, 6 mart. TELEQRAF

​“Əminik ki, Azərbaycan Mərkəzi Bankı ilə Gürcüstan Milli Bankı arasında əməkdaşlıq uzunmüddətli və uğurlu olacaq”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, bu gün Azərbaycanın Mərkəzi Bankı və Gürcüstanın Milli Bankı arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Sənəd T.Kazımovun gürcüstanlı həmkarı Natiya Turnava ilə Bakıda görüşü zamanı imzalanıb.

“Bu memorandum hər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın inkişafına və maliyyə sektorlarının möhkəmlənməsinə töhfə verəcəkdir”, - T.Kazımov bildirib.

Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, bank nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsidir. Həmçinin memorandum çərçivəsində təcrübə və məlumat mübadiləsinin aparılması, təlim və birgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkili də nəzərdə tutulub.

***

10:55

Azərbaycanın Mərkəzi Bankı (AMB) və Gürcüstanın Milli Bankı (GMB) arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə GMB-dən bildirilib.

Sənədin imzalanması GMB Prezidenti Natia Turnavanın Azərbaycana səfəri zamanı AMB sədri Taleh Kazımovla görüşü zamanı baş tutub.

Görüşdə pul siyasəti və mərkəzi bankların fəaliyyəti sahəsində regional əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Söhbət zamanı regional makroiqtisadi mühit, maliyyə sektoru, geosiyasi amillərin pul siyasətinə təsiri mövzularına da toxunulub.

Tərəflər bildiriblər ki, hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın dərinləşdirilməsi maliyyə xidmətlərinin inkişafının yeni mərhələsinə keçidə töhfə verəcək.