TBİLİSİ, 6 mart. TELEQRAF

"Orta Dəhlizin Avropa və Asiya arasında əsas iqtisadi marşrut kimi rolu getdikcə artır. Dəhlizin artan əhəmiyyətini onun ənənəvi ticarət yollarına daha sürətli alternativə çevrilməsi və təchizat zəncirinin davamlılığını artıran strateji yerləşməsi şərtləndirib".

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Genadi Arveladze Asiya İnkişaf Bankının təşkilatçılığı Manilada keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində illik toplantıda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, alternativ marşrut kimi Orta Dəhlizin artan əhəmiyyəti artıq yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artmasında öz əksini tapıb.

“2024-cü ildə bu dəhliz vasitəsilə Çin və Gürcüstan arasında konteyner daşınması 15 dəfə artaraq rekord həddə - 12 678 TEU-ya çatıb”, - G.Arveladze qeyd edib.

Nazir müavini tədbir iştirakçılarına Gürcüstanın əsas nəqliyyat və logistika infrastruktur layihələri, o cümlədən dəmir yolunun modernləşdirilməsi layihəsi, Şərq-Qərb magistralının inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu, Anaklia dərinsulu limanı haqqında məlumatlar təqdim edib.

O, Gürcüstanda avtomobil və dəmir yolu təhlükəsizliyi standartlarının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan da söz açıb.