.png)
GƏNCƏ, 13 aprel. TELEQRAF
Aprelin 10-dan etibarən dünya yəhudiləri Pesax bayramını qeyd etməyə başlayıblar.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, Azərbaycanın qərb bölgəsində yaşayan yəhudi icmasının üzvləri də Gəncədəki Yəhudi Dini İcmasında bir araya gələrək bayram münasibətilə tədbir keçiriblər.
Tədbirdə çıxış edənlər Azərbaycanda milli azlıqlara və dini icmalara göstərilən qayğı və diqqətdən bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər və sərbəst fəaliyyət şəraiti yaradılıb. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, burada yəhudilərin milli və dini bayramları yerli əhali ilə birlikdə təntənəli şəkildə qeyd olunur.
Qeyd edək ki, hazırda ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə 200-dən çox yəhudi ailəsi yaşayır. Pesax – yəhudi xalqının ən əhəmiyyətli bayramlarından biri sayılır. Əsrlər əvvəl yəhudilərin Misir fironunun zülmündən azad olunmasını simvolizə edən bu bayram İsraildə 7, İsraildən kənarda isə 8 gün davam edir.
Bayram günlərində müxtəlif dini ayinlər icra olunur və xüsusi süfrə təşkil edilir. Bayram süfrəsində əsas yer tutan təam – "matsa" (şit fətir) Pesaxın simvolu hesab olunur. Əfsanəyə görə, fironun zülmündən xilas olan yəhudilər səhrada yalnız su və undan hazırlanan bu duzsuz, mayasız çörəklə qidalanıblar. Matsa həmin əzablı günləri xatırlatmaq və Tanrıya şükür niyyəti ilə süfrəyə qoyulur.
Süfrədə həmçinin yeddi növ göyərti və yeddi növ təam yer alır: matsa, haroset (matsayla yeyilən qoz, fındıq və ya xurma qarışığından hazırlanan şirniyyat), soyutma yumurta, soyutma kartof, cırhacı almadan hazırlanan halva, balıq qızartması və kiduş (üzüm şirəsi).