BAKI, 20 mart. TELEQRAF

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə razılaşdırılmış sülh sazişinin imzalanması üçün məsləhətləşmələrə başlamağı təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə o, teleqram kanalında bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin imzalanması üçün məsləhətləşmələrə başlamağı təklif edirəm”, - Paşinyan teleqram kanalında yazıb.

Xatırladaq ki, martın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını bəyan edib.

O söyləyib ki, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib: "Azərbaycanın İrəvandan növbəti gözləntisi Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir".

Həmin gün Ermənistan Xarici İşlər Nazirliyi İrəvan və Bakının sülh sazişinin mətnini razılaşdırdığını və danışıqların yekunlaşdığını açıqlayıb.

Lakin Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı Azərbaycanın yeni şərtini hələ də yerinə yetirməyib. N.Paşinyan və Ermənistanın digər rəsmilərinin sülh sazişinin imzalanması üçün məsləhətləşmələrə başlanılması barədə son açıqlamaları daha çox Bakının yeni tələbini yerinə yetirməkdən boyun qaçırmaq cəhdinə bənzəyir.