BAKI, 13 aprel. TELEQRAF

ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumun əhəmiyyəti olduqca böyükdür. Dövlətimizin başçısı Forumda vacib mesajlar səsləndirib və Ona ünvanlanan müxtəlif səpgili suallara dolğun və əhatəli cavablar verib. Azərbaycan-Ermənistan, sülh prosesi, regional və qlobal miqyasda baş verən prseslər ölkə başçısı tərəfindən dolğun şəkildə Forum iştirakçılarının diqqətinə çatdırılıb.

Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, artıq 7-ci dəfədir keçirilən bu Forum beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır: “Ötən illərdə 60 ölkədən 200-dən artıq ekspert və alim Bakıda və azad edilmiş Qarabağın dörd şəhərində keçirilmiş müzakirələrə qatılıb və onlara ölkəmizlə bağlı tam dolğun məlumatlar verilib. Sözsüz ki. həmin iştirakçılar daha sonra regional və qlobal məsələlərlə bağlı bir çox məqalələrlə çıxış edib. Bu da öz növbəsində ölkəmizlə bağlı əsas həqiqətlərin və Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin təşviqində vacib əhəmiyyət kəsb edir. Artıq bu uğurlu platformalardan biri kimi ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu təsirli rola malikdir. Forum dünyada getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, qlobal məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur. 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən Forum Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirməsi, regional sülhün təşviqi və azad edilmiş ərazilərin bərpası istiqamətindəki səylərini nümayiş etdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləri ölkəmizin nüfuzuna da təsir edir. Ölkəmizin artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rolu bunu bir daha təsdiq edir”.

Deputat ADA Universitetində keçirilən Forumun dünyada baş verən mürəkkəb geosiyasi, iqtisadi və ekoloji proseslərin fonunda vacib rolunun önə çıxdığını diqqətə çatdırıb: “Forumda qlobal sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa təhdid yaradan amillər müzakirə edilir. Yeni dünya nizamı kontekstində regional əməkdaşlıq, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt və digər çağırışların müzakirə olunduğu da Forumda diqqətə çatdırıldı. Prezident İlham Əliyev beynəlxalq forumdakı çıxışında həmçinin son illərdə əldə olunan uğurlardan və gələcək perspektivlərdən bəhs edilib. Ölkə başçısının da vurğuladığı kimi müxtəlif ölkələrdən gəlmiş ekspertlər qlobal gündəlikdə duran məsələləri müzakirə edib. Eyni zamanda bu səfərlərin Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa, daha dolğun məlumatların əldə olunmasına və yayılmasına təsiri olduqca böyükdür. COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və BMT Təhlükəsizlik Şurasının qeyr-daimi üzvü olması sözsüz ki, ölkəmizin xarici siyasətinin ən böyük uğurlarından biri idi. Ölkə başçısının da qeyd etdiyi kimi COP29 iqlim konfransının gerçəkləşdiyi günlərdə Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulması, bundan öncə isə COVID-i idarə etmək uğurlu təcrübələrindən biri kimi yüksək qiymətləndirilir. Azərbaycanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda mövqeyinin möhkəmlənməsi, Avropa İttifaqı və digər bir sıra təşkilatlarla tərəfdaşlıq münasibətlərinin inkişafı onun xarici siyasət strategiyasının xarakterini nümayiş etdirir. Məhz 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulması və inkişafında vacib siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə ən uğurlu dövrünü yaşayıb. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrin yekdil qərarı ilə təşkilata sədrlik etmək kimi yüksək statusa malik olması uğurlu siyasətin nəticəsində mümkün olub. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu məharətlə icra edib”.

Eldar Quliyev həmçinin Forumda Prezident İlham Əliyev tərəfindən Türk dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verdiyini bir daha bəyan etməsinin önəmindən danışıb: “Tarix, etnik köklər, dillər arasında oxşarlıqlar, mədəniyyətlər, adət-ənənələr bu birliyin möhkəmlənməsində vacib əhəmiyyət kəsb edir. Təbii ki, 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan münasibətləri kökündən dəyişib. Suverenliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bu gün öz tərəfdaşları ilə fərqli müstəvidə münasibətlərin qurulmasını region üçün sülh və əməkdaşlığın, təhlükəsizliyin təmin edilməsini təşviq edir. Eyni zamanda Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi addımlar atır. Forumda iştirak edən beynəlxalq ekspertlər Azərbaycanın müharibə zamanı təmkinli yanaşmasını və mülki infrastrukturun qorunmasını diqqətə çatdırıblar. Həmçinin müharibə nəticəsində ev-eşiklərindən didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq imkanı əldə etməsi qeyd olunub. Azərbaycan hazırda mühüm geosiyasi aktor kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş kimi çıxış edir. Ölkəmiz öz siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən yanaşma sərgiləyir. Bu da öz növbəsində qarşılıqlı faydalı əməkdaşlığa önəm verən aparıcı dövlətlər və güc mərkəzləri üçün strateji əhəmiyyət daşıyır. Ölkə başçısının bu xüsusda AŞPA, Avropa Məhkəməsi və bəzi qərb təşkilatları və ölkələri ilə bağlı səsləndirmiş olduğu fikirlər tam reallığı əks etdirir. Çünki ikili standartlar və ayrıseçkilik bərabər yanaşmaları əngəlləyən başlıca problemdir. Azərbaycan bu gün Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyidir. Hər zaman hümanizm prinsiplərinə sadiq olan Azərbaycan Türkiyə ilə İsrailin ilk dəfə barışmasında mühüm vasitəçilik edib. Ölkəmizin başçısı da məhz bu amilə diqqətə çəkərək Türkiyə ilə İsrail arasındakı ilk böhran zamanı Azərbaycanın fəal rolundan bəhs edib. Azərbaycan Türkiyə ilə müttəfiq ölkədir və hər iki tərəf yəni, Türkiyə və İsrail ölkəmiz üçün qardaşlıq, dostluq münasibətlərinə malikdir.

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlar onu regional və qlobal miqyasda aparıcı mövqeyə yüksəlməsini təmin edib”.