BAKI, 13 aprel. TELEQRAF

Almaniyanın Aşağı Saksoniya federal əyalətinin Zaltsqitter şəhərində kiçikölçülü təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə “Salzgitter AG” polad istehsalı müəssisəsinin ərazisində baş verib. Yerli vaxtla saat 09:45-də (Bakı vaxtı ilə 11:45) yanğınsöndürmə xidmətinə qəza barədə məlumat daxil olub. Qəzadan əvvəl ikinəfərlik təyyarə Zaltsqitter aerodromundan havaya qalxıb.

Təyyarə havaya qalxdıqdan təxminən bir kilometr sonra iki sexin arasında yerə çırpılıb və yanğın baş verib. Hazırda ərazidə yanğınsöndürənlər və fövqəladə hallar xidməti əməkdaşları işləyirlər.

İlkin məlumatlara əsasən, qəza nəticəsində pilot və ikinci pilot hadisə yerində həyatını itirib. Qəzanın səbəbləri hələlik məlum deyil.