BAKI, 21 mart. TELEQRAF

Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək səyləri davam etdirilməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono sosial şəbəkə hesabında paylaşım edib.

Praqada ikigünlük intensiv görüşlərin yekunlaşdığını vurğulayan Qrono səmimi qəbula və Cənubi Qafqazla bağlı açıq fikir mübadiləsinə görə Çexiyalı həmkarlarına və ölkənin XİN rəhbəri Yan Lipavskiyə minnətdarlığını bildirib.

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına Aİ-nin dəstəyini davam etdirməsinin vacibliyini və sülh müqaviləsi üzrə danışıqların yekunlaşmasına dair ötən həftə verilən bəyanatların əhəmiyyətini qeyd etdim”, - paylaşımda qeyd olunub.