BAKI, 18 noyabr. TELEQRAF
Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması çərçivəsində ölkəmizin ərazisində avtomobil və dəmir yolları ilə bağlı işlər gələn ilin əvvəlində tamamlanacaq.
Bunu Teleqraf-ın sualına cavab olaraq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, ABŞ ilə Ermənistan arasında bu ölkənin ərazisindən keçən 42 kilometrlik hissə ilə bağlı danışıqlar aparılır: “Lakin layihənin texniki parametrləri Azərbaycanla razılaşdırılmalıdır. Kommunikasiyaların giriş və çıxış hissələri Azərbaycan ərazisində yerləşir. Üçtərəfli Texniki Planlaşdırma Qrupu nəqliyyat marşrutu və eyni kabel layihəsi üzrə texniki göstəriciləri razılaşdıracaq”.
C.Bayramov vurğulayıb ki, Azərbaycan öz ərazisində avtomobil və dəmir yollarının tikintisi ilə bağlı işləri yekunlaşdırmaq üzrədir: “Bu prosesin gələn ilin əvvəlində tam başa çatdırılması nəzərdə tutulur”.