BAKI, 18 noyabr. TELEQRAF

Almaniyanın xarici işlər naziri Yohann Vadeful dəmir yolu, avtomobil yolları və rəqəmsal bağlantıların inkişafı sahəsində əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bunu Yohann Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, nəqliyyat infrastrukturu, elektrik enerjisi və rəqəmsal əlaqələrin inkişafı həm Cənubi Qafqaz, həm də Mərkəzi Avropa ölkələri üçün yeni imkanlar yaradır.

O, bu istiqamətlərdə intensiv əməkdaşlıq aparmaq niyyətində olduqlarını vurğulayıb.

Yohann Vadeful Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə görüşdən gəldiyini xatırladaraq, qurumun da regionla əməkdaşlığı genişləndirmək və konkret nəticələr əldə etməkdə maraqlı olduğunu bildirib.

Almaniyalı nazir, həmçinin Cənubi Qafqazda sülh prosesinə dəstək verdiklərini qeyd edib.

O, uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında sülh perspektivinin yaranmasını müsbət qiymətləndirib.