BAKI, 18 noyabr. TELEQRAF
"Vergi siyasəti ölkə iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafının sürətləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması kimi strateji hədəflərin reallaşdırılmasında mühüm iqtisadi alətlərdən biridir".
Teleqraf xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bugünkü iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, təqdim olunan layihə biznes mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və iqtisadi fəallığın təşviqi baxımından həyata keçirilən iqtisadi siyasətin məntiqi davamıdır:
"Müvafiq dövlət qurumunun açıqlamasına görə, təklif olunan 67 istiqamət üzrə dəyişiklikdən 21-i sahibkarların və biznes ictimaiyyətinin irəli sürdüyü təkliflər əsasında formalaşdırılıb. Bu, dövlət-biznes dialoqunun konkret nəticəsidir. Hesab edirəm ki, vergi qanunvericiliyinin hazırlanmasında sahibkarların gündəlik fəaliyyətində qarşılaşdıqları problemlərin nəzərə alınması və biznes ictimaiyyətinin bu prosesdə iştirakının genişləndirilməsi olduqca vacibdir.
Layihədə mikro və kiçik sahibkarlara müəyyən şərtlərlə beş il müddətinə gəlir və mənfəət vergisi üzrə güzəştlərin tətbiqi nəzərdə tutulur. Bu mexanizm kiçik biznesin genişlənməsi, investisiya imkanlarının artırılması və yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Vergi öhdəliklərinin gecikdirilməsinə görə hesablanan faizlərin iki dəfə azaldılması, regionlarda turizm sektoruna dəstəyin davam etdirilməsi, aqrar və digər sahələr üzrə vergi güzəştlərinin müddətinin uzadılması da sahibkarların maliyyə yükünün optimallaşdırılması və investisiya fəallığının artırılması baxımından müsbət addımlardır. Aqrar sektorda vergi güzəştlərinin yeni mexanizmlə davam etdirilməsi zamanı isə xüsusilə kiçik fermer təsərrüfatlarının maraqlarının qorunması, onların yeni tələblərə uyğunlaşması və inzibati prosedurların sadəliyi diqqətdə saxlanılmalıdır".
A.Badamov sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV qeydiyyatı öhdəliyinin yaranması ilə bağlı müəyyən edilmiş 400 min manatlıq nağdsız dövriyyə həddinə yenidən baxılmasını təklif edib:
"Hesab edirəm ki, bu həddin hesablanması zamanı yalnız nağdsız əməliyyatların deyil, vergi ödəyicisinin həyata keçirdiyi bütün əməliyyatların – həm nağd, həm də nağdsız dövriyyənin nəzərə alınması məqsədəuyğun olardı. Bu yanaşma real iqtisadi dövriyyənin düzgün müəyyən edilməsinə, vergi ödəyiciləri arasında bərabər rəqabət şəraitinin təmin olunmasına, kartdan-karta köçürmələr vasitəsilə sahibkarlıq dövriyyəsinin gizlədilməsi hallarının qarşısının alınmasına və ümumilikdə şəffaflığın artırılmasına xidmət edə bilər. Eyni zamanda, sahibkarların fəaliyyətlərini qeyri-rəsmi ödənişlər üzərindən deyil, qanuni və şəffaf dövriyyə əsasında qurmaqda marağını artıra bilər.
Təbii ki, bu mexanizm hazırlanarkən kiçik sahibkarlığın xüsusiyyətləri və nağdsız ödənişlərin təşviqi məqsədləri də nəzərə alınmalıdır. Təklif edirəm ki, aidiyyəti qurumlar bu məsələyə baxsınlar və ikinci oxunuşa qədər onun qanunvericilik baxımından qiymətləndirilməsi imkanlarını nəzərdən keçirsinlər".