BAKI, 18 noyabr. TELEQRAF

Almaniyanın xarici işlər naziri Yohann Vadeful regionda sabitliyin təmin olunması üçün dialoqa əsaslanan regional qaydalar sisteminin vacibliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, bunu Yohann Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir Azərbaycanın həm Rusiya, həm də İranla qonşuluq münasibətlərinə malik olduğunu qeyd edərək, regional vəziyyətin müzakirə edildiyini söyləyib.

Yohann Vadeful hazırkı gərginlik fonunda, xüsusilə Xəzər dənizi hövzəsində deeskalasiyanın vacibliyini diqqətə çatdırıb.

O bildirib ki, Almaniya sabitlik və dialoq prinsiplərinə əsaslanan regional qaydalar sisteminin formalaşmasını zəruri hesab edir.

Almaniyalı nazir bu məsələni Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə də müzakirə etdiyini bildirib.