BAKI, 18 noyabr. TELEQRAF

Qobustan rayonunda avtomobil yolunun yaxınlığında top mərmisi aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsinə yaxın ərazidə sursat tapılması barədə məlumat daxil olduqdan sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 100 mm-lik OF-412 top mərmisi olduğu müəyyənləşib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Ərazidə və ona yaxın ətrafda aparılan əlavə axtarış zamanı başqa təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.