BAKI, 29 oktyabr. TELEQRAF

“Turnirin keçirilməsini çox müsbət qiymətləndirirəm. Çünki 15 yaşlı futbolçularımız üçün bu, çoxlu oyun keçirmək və dünya miqyasında təcrübə qazanmaq baxımından əla fürsətdir. Bir futbol adamı kimi bu, mənin üçün də çox sevindirici haldır”.

Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanov Bakının ev sahibliyi etdiyi FIFA U-15 Dünya Çempionatı və Festivalı barədə deyib.

O, turnir üçün yaradılan infrastrukturu da yüksək qiymətləndirib:

“İnfrastruktur da möhtəşəmdir. Bu fürsət elə bil bizim üçün göydən düşmə oldu. İndi gənc futbolçularımız üçün belə bir imkan yaradılıb. Onlar bu şəraitdən yaxşı istifadə etməlidirlər. Futbolçularımız yaradılan imkanlardan yararlanaraq özlərini Avropa futboluna hazırlamalıdırlar”.

Xatırladaq ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb.

Yığma qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Millimiz C Divizionundakı ilk oyununda Çiliyə 1:3 hesabı ilə məğlub olub, Cəbəllütariq seçməsinə isə 5:1, Mozambik yığmasına isə 4:1 hesabı ilə qalib gəlib.