BAKI, 28 oktyabr. TELEQRAF
“Qarabağ” azarkeşlərinə görə 6000 manat ziyana düşüb.
Teleqraf xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul olunub.
Misli Premyer Liqasının IX turunda keçirilən “Sabah” – “Qarabağ” oyununda Ağdam təmsilçisinin azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün “Qarabağ” 6000 manat cərimələnib.
Bundan əlavə, həmin qarşılaşmada “Qarabağ” azarkeşlərinin stadionda 27 skamyanı sındırdığı müəyyənləşib. Qərara əsasən, stadiona dəymiş zərər klub tərəfindən qarşılanmalıdır.
“Araz-Naxçıvan” – “Qəbələ” matçında hər iki komandanın 4 və 5 futbolçusu sarı vərəqə aldığı üçün klubların hər biri 700 manat cərimələnib.
“Şəfa” – “Kəpəz” görüşündən əvvəl ilkin protokolu elektron sistemdə gec təsdiqlədiyinə görə “Şəfa” 1500 manat cərimə olunub.
“Neftçi” – “Turan Tovuz” matçının 29-cu dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalandırılıb. Bakı klubu 1000 manat cərimə ödəyəcək.
“İmişli” – “Şamaxı” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan Şamaxı təmsilçisi isə 700 manat cərimələnib.