BAKI, 28 oktyabr. TELEQRAF
I Liqanın VI turunun "Şahdağ Qusar" – "Səbail" matçında baş verən qayda pozuntularına görə "Səbail" klubu cəzalandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Görüşün 69-cu dəqiqəsində "Səbail"in futbolçusu Pərviz Azadov ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyunluq diskvalifikasiya olunub, klubu isə 150 manat cərimələnib. Həmçinin oyun zamanı 4 futbolçusu sarı vərəqə alan paytaxt təmsilçisi əlavə 210 manat cərimə ödəyəcək.
Qarşılaşmanın 85-ci dəqiqəsində "Səbail" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 600 manat, matç bitdikdən sonra hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün isə 1 500 manat cərimə olunub.
Bundan başqa, oyun başa çatdıqdan sonra "Səbail" komandasının prezidenti Mirzə Bayrampur və futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir etdiklərinə və hədə-qorxu gəldiklərinə görə hər biri 4 oyunluq cəzalandırılıb. Bu insidentlərə görə "Səbail" klubuna ümumilikdə 6 000 manat (hər biri üçün 3 000 manat) cərimə tətbiq edilib.