BAKI, 29 oktyabr. TELEQRAF

Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Namizəd Səfərov vəsatətlə çıxış edib.

Namizəd Səfərov iş üzrə zərərçəkən qismində tanınan Günel Əfəndiyevanın barəsində rüşvət vermək faktına görə barəsində cinayət işinin başlanmasını istəyib.

Namizəd Səfərov həmçinin zərərçəkən şəxsin və özünün telefonlarının anten dairəsinin müəyyən edilməsi, zərərçəkənin prosesdə iştirakının təmin edilməsi barədə də vəsatətlər qaldırıb.

Hakim deyib ki, bu məsələlərə cinayət işi üzrə sənədlərin tədqiqi mərhələsində baxılacaq.

Növbəti proses noyabrın 19-da davam edəcək.

İttihama görə, Günel Əfəndiyeva Namizəd Səfərovla tanış olub.

Namizəd Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq, Günel Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib.

O, vəzifəli tanışları vasitəsilə Günel Əfəndiyevanın vəzifəyə təyin ediləcəyinə söz verib və ondan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.