BAKI, 29 oktyabr. TELEQRAF
"Bu qanun layihəsi hüquqi-məntiq baxımından bu yaxınlarda qəbul etdiyimiz korrupsiyaya qarşı mübarizə qanununun davamı olsa da, amma əslində tamamilə yeni bir qanundur və korrupsiyaya qarşı mübarizənin yeni sərhədlərini müəyyənləşdirir, yeni səmərəli metodlarını tənzim edir. Qanun yaratmaq zərurəti o vaxt meydana çıxır ki, bu ictimai sifariş olur".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentdə “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu qanun layihəsi hüquqi meyarlar ilə bərabər özünə müəyyən o mənəvi meyarları da toplayıb: “Bununla biz mənəvi kateqoriya ilə hüquqi kateqoriyanının ümumi sintezini necə tapa bilərik ki, korrupsiyaya qarşı mübarizədə və yaxud qanunlarımızın işləkliyində daha səmərəli nəticələr əldə edək.
Biz bu günə qədər korrupsiyaya qarşı mübarizədə çox böyük nailiyyətlər əldə etmişik. Vəzifəli şəxslərin həbsi, mən bu məsələlərə qayıtmaq istəmirəm, bu gün də davam edir və sair.
Gəldiyimiz nöqtə odur ki, harada hansı vəzifəli şəxs haqqında ictimai şübhə yaranır və bu kütləviləşirsə, bir də baxırıq ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizəni formalaşdıran orqanları onun haqqında doğrudan da bu və ya digər şəkildə məsuliyyət tədbirləri həyata keçirir”.
Komitə üzvü hesab edir ki, bu qanun qəbul edildikdən sonra daha yaxşı səmərəli tədbirlər görüləcək: “Çünki maraqların toqquşması kateqoriyasında yaxınlar, ianə, qohumluq əlaqələri, maraqlı şəxs terminlərin hüquqi statusu kontekstində onun izahını veririk. Məsələn, digər yaxınlar. Bu izahat odur ki, bu qanun layihəsində digər yaxınlar deyəndə biz kimləri nəzərdə tutacağıq? Maraqların toqquşması sadəcə hüquqi hadisə deyil, həm də mənəvi hadisə olduğuna görə təklif edirəm ki, digər yaxınlar kateqoriyasına əlavə edək. Yəni biri digərindən bəlkə qohum deyil, bəlkə dost deyil, amma bunun bir ideoloji yaxınlığı var, özünə doğma hesab edir. Əgər mümkün olarsa, bunu şəxsin maraq kateqoriyasına əlavə edək. Məsələn, bu şəxsi maraq vəzifəli şəxsin özü yaxın qohumu və etik baxımından özünə yaxın hesab etdiyi şəxsi də bu kateqoriyaya əlavə etmək olar. Hüquqşünas deyiləm, hüquqi baxımından türklər demiş, caizdirsə, bunu eləmək olar”.
Hikmat Babaoğlu vurğulayıb ki, hüquqi baxımından biz vəzifəli şəxsin vicdanlı və yaxud qeyri-vicdanlı davranışını hansı meyarlarla, necə qiymətləndirəcəyik? Vicdanı və dürüstlüyü necə qiymətləndirəcəyik? Bunun hüquqda tətbiqi necə olacaq?”