BAKI, 28 oktyabr. TELEQRAF
Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən “Zirə” – “Səbail” matçında kuryoz hadisə yaşanıb.
Teleqraf xəbər verir ki, baş hakim Səbuhi Bayramovun idarə etdiyi qarşılaşmanın 68-ci və 80-ci dəqiqələrində “Səbail”in futbolçusu Samuel Nonqoh qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalandırılıb.
Lakin matçın protokolunda göstərilən əvəzetmələrə əsasən, Nonqoh 90-cı dəqiqədə Ehtiram Şahverdiyevlə əvəzlənib.
Beləliklə, futbolçu hər iki sarı vərəqəni meydanda olduğu müddətdə aldığı halda, ikinci xəbərdarlıqdan sonra qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulmalı idi.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçirilən görüşün əsas vaxtı 1:1, əlavə vaxtı isə 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn “Zirə” 1/8 finala yüksəlib.
.png)