BAKI, 29 oktyabr. TELEQRAF

Bu il yanvarın 1-dən oktyabrın 15-dək sərnişin qatarlarında 800-dən çox əşya unudulub. Bu, orta hesabla ayda 80-90 əşyanın qatarlarda sahibləri tərəfindən unudulması deməkdir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Teleqraf-a bildirilib ki, sərnişinlərin qatarlarda ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, mobil telefonlar və adapterlər, sənədlər, bank kartları, eləcə də yemək qablarıdır. Ən çox unudulmuş əşya Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında qeydə alınıb.

Unudulan əşyaların 250-yə yaxını, yəni təxminən 30 faizi dəmir yolu əməkdaşları tərəfindən sahiblərinə qaytarılıb. Digər əşyalar isə hələ də sahiblərini gözləyir.

Sərnişinlərə qatardan düşərkən şəxsi əşyalarını yoxlamaq və heç nəyi unutmadıqlarına əmin olmaq tövsiyə olunur.

Qatarda və ya vağzal ərazisində əşyasını unudan sərnişinlər vağzal növbətçisinə, yaxud 1822 Əlaqə Mərkəzinə müraciət edə bilərlər.