BAKI, 29 oktyabr. TELEQRAF

“Qarabağ”ın və Azərbaycan millisinin zədəli futbolçusu Elvin Cəfərquliyev noyabrda yaşıl meydanlara qayıdacaq.

Bu barədə futbolçunun atası Eldar Cəfərquliyev Teleqraf-a açıqlamasında bildirib.

O, iki aydan çoxdur zədəli olan oğlunun hazırkı vəziyyətinin yaxşı olduğunu və tezliklə sıraya dönəcəyini söyləyib:

“Əməliyyatdan sonrakı bərpa prosesi davam edir. Həm fiziki vəziyyəti, həm də psixoloji durumu çox yaxşıdır. Hər şey qaydasındadır. Noyabrdan “Qarabağ”a qoşulacaq”.

Qeyd edək ki, Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində avqustun 13-də “Dinamo” (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnib.

Sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində zədələnmə aşkarlanan futbolçu sentyabrın 2-də əməliyyat olunub.