BAKI, 29 oktyabr. TELEQRAF

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlub olub.

Teleqraf xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) yarışda rəqiblərinə uduzublar.

Ruzanna Məmmədova 1/8 finalda Çin təmsilçisi Menqyu Xieyə məğlub olub. Rəqibi növbəti mərhələdə uduzduğu üçün güləşçimizin təsəlliverici görüşə qatılmaq və medal qazanmaq şansı qalmayıb.

Rəşid Babazadə 1/16 finalda qırğızıstanlı Taiyrbek Zumaşbek Uuluya, Maqomedxan Maqomedov isə 1/4 finalda Bəhreyn təmsilçisi Axmed Maqomed Tajudinova uduzub.

Azərbaycan millisinin üzvləri rəqibləri finala yüksələcəyi təqdirdə sabah təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.