BAKI, 29 oktyabr. TELEQRAF
Pakistan və Əfqanıstan hərbçiləri arasında baş verən yeni toqquşmalar nəticəsində hər iki tərəfdən ölən və yaralananlar var.
Teleqraf xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Pakistan ərazisindən açılan atəş nəticəsində Əfqanıstanın şərqində iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb. Hadisə Əfqanıstanın şərqində yerləşən Nanqərhar vilayətində, “Torkham” sərhəd-keçid məntəqəsi yaxınlığında baş verib.
Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına əsasən, Pakistan Paktika vilayətindəki hərbi obyektlərə də dronlarla zərbələr endirib. Əfqanıstan hərbçiləri Pakistan ərazisinə cavab atəşi açıblar.
Pakistanın Sərhəd Xidmətinin məlumatına görə, ölkənin şimal-qərbində yerləşən Vəziristan rayonunda Əfqanıstan hərbçilərinin minaatanlardan açdığı atəş nəticəsində bir nəfər həlak olub, beş nəfər yaralanıb.