BAKI, 9 oktyabr. TELEQRAF

Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb. Turnir tarixində ilk dəfə eyni liqada çıxış edən komandaların oyununda 12 cavabsız qol vurulub.

Teleqraf Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici II Liqa klublarının I təsnifat mərhələsindəki qarşılaşmasında reallaşıb.

Mərhələ çərçivəsində “Qaradağ Lökbatan” komandası “Şəki”nin qapısından 12 cavabsız top keçirib.

1992-ci ildən təşkil olunan ölkə kubokunda 5-ci dəfə 12 və ya daha böyük hesablı fərq qeydə alınsa da, bunadək heç vaxt eyni dəstə təmsilçilərinin matçında belə nəticə qeydə alınmamışdı. Bu, həm də ölkə kubokunda son 23 mövsümün rekordudur.

Qeyd edək ki, daha böyük fərqə sonuncu dəfə 2003/2004-cü illər mövsümündə rast gəlinib. Həmin vaxt “Şəfa” komandası “Lider Qarabağ”ı 14:0 hesabı ilə məğlub edib. 1997/1998-ci illər mövsümündə isə “Şəfa” eyni hesabla HHQ İK üzərində qələbə qazanıb. Həmçinin 1997/1998-ci illər mövsümündə “Qarabağ” “Naftalan”a, “Kür-Nur” isə “Babək-44”ə 12:0 hesabı ilə qalib gəlib. Lakin həmin matçların hamısında qalib gələn tərəf güclülər dəstəsinin, rəqib isə aşağı liqanın təmsilçisi olub.