BAKI, 9 oktyabr. TELEQRAF

İngiltərə Premyer Liqası təmsilçisi “Everton” satışa çıxarılır.

Teleqraf “The Athletic”ə istinadən xəbər verir ki, klubun sahibi “The Friedkin Group” nəzarət səhm paketini satmağı nəzərdən keçirir.

Amerikalı investorlar uyğun alıcı tapılacağı təqdirdə klubdakı paylarının böyük hissəsindən imtina etməyə hazırdırlar.

2024-cü ilin sonunda “Everton”u satın alan “The Friedkin Group” klubun 99,5 faiz səhmini Farhad Moşiridən 400 milyon funt sterlinqdən artıq olduğu ehtimal edilən məbləğə alıb. Beləliklə, mümkün satış baş tutarsa, şirkət iki il tamam olmamış klub üzərində tam nəzarəti itirə bilər.

“Roma” və Fransanın “AS Cannes” klubunun da sahibi olan konsorsium “Everton”a kənardan investisiya cəlb etmək imkanlarını araşdırır. Məlumata görə, şirkət yalnız klubu növbəti səviyyəyə yüksəldə və inkişafını davam etdirə biləcək investorun təklifini qəbul etməyə hazırdır.

“Everton”un rəsmi açıqlamasında da yeni investisiya imkanlarının, o cümlədən nəzarət səhm paketinin mümkün satışının nəzərdən keçirildiyi bildirilib.

Qeyd olunub ki, “The Friedkin Group” klubu idarə etməyə başlayanda “Everton” ciddi maliyyə qeyri-müəyyənliyi, eləcə də meydanda və meydandan kənarda problemlərlə üzləşirdi. Şirkətin ilkin məqsədi klubun gələcəyini təmin etmək üçün sabitlik yaratmaq, investisiyalar yatırmaq və dəstək göstərmək, həmçinin azarkeşlərə vəd edilən yeni stadionun tikintisinin başa çatdırılmasına kömək etmək olub.

Xatırladaq ki, "Everton" klubu 9 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.