BAKI, 9 oktyabr. TELEQRAF

İngiltərənin “Liverpul” klubunun sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin olunub.

Teleqraf xəbər verir ki, niderlandlı mütəxəssis UEFA-nın Texniki Müşahidəçilər Qrupuna daxil edilib.

Mayda “Liverpul”dan ayrılan Slot dörd ay sonra yenidən futbol sahəsində fəaliyyətə başlayıb.

O, Avropanın nüfuzlu klub turnirlərinin oyunlarını təhlil edəcək, taktiki tendensiyaları izləyəcək və məşqçilik sahəsindəki yeniliklərə dair hesabatların hazırlanmasında iştirak edəcək.

UEFA-nın Texniki Müşahidəçilər Qrupu oyunların statistika və video materiallar əsasında təhlilini aparır. Hazırlanan hesabatlar məşqçilik sahəsindəki inkişafın qiymətləndirilməsi və futbol ictimaiyyəti ilə bölüşülməsi məqsədi daşıyır.

Arne Slot daha əvvəl Niderland millisinin baş məşqçisi postuna namizədlər sırasında göstərilsə də, bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. O, hazırda klub futbolunda çalışmağa üstünlük verdiyini vurğulayıb.

Qeyd edək ki, Slot “Feyenoord”la Niderland çempionu olub və ölkə kubokunu qazanıb. O, 2024-cü ildə “Liverpul”un baş məşqçisi təyin edilib və ilk mövsümündə Mersisayd təmsilçisini İngiltərə Premyer Liqasının çempionu edib.