BAKI, 9 oktyabr. TELEQRAF
“Neftçi”nin meydanında oynamaq heç də asan olmayacaq.
Bunu Teleqraf-a açıqlamasında “Sabah”ın və Azərbaycan millisinin futbolçusu Abdullah Xaybullayev Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində bu gün keçiriləcək “Neftçi” ilə səfər oyunu barədə danışarkən deyib.
25 yaşlı yarımmüdafiəçi milli fasilədən sonra çətin səfər matçına çıxacaqlarını bildirib:
“Çətin olacaq. Millinin oyunlarından sonra ilk olaraq hazırda yaxşı formada olan “Neftçi” ilə qarşılaşacağıq. Altı oyunda beş qələbə qazanıblar və indi çox yaxşı formadadırlar. Onların meydanında oynamaq bizim üçün asan olmayacaq. Meydana çıxmaq istərdim, amma məncə, baş məşqçi mənə istirahət verəcək (gülür-red.)”.
Xaybullayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda dörd gün sonra keçiriləcək “Slaviya” ilə oyun öncəsi “Neftçi” ilə qarşılaşmanın əhəmiyyətindən də danışıb:
“Əlbəttə, Çempionlar Liqası da vacibdir. Ancaq ilk növbədə “Neftçi” ilə oyunumuz var. Belə bir matçdan əvvəl çempionatda vacib qarşılaşmaya çıxmaq bizim üçün faydalı olacaq. Ümid edirəm ki, zədəsiz və istədiyimiz nəticə ilə oyunu başa vuracağıq. Biz hər oyuna ayrı-ayrılıqda hazırlaşırıq. Ona görə də hazırda yalnız “Neftçi” ilə matça köklənmişik. Sabahdan etibarən isə artıq Çempionlar Liqası görüşünə hazırlaşacağıq”.
Qeyd edək ki, bu gün “Palms Sport Arena”da keçiriləcək “Neftçi” – “Sabah” görüşü saat 19:30-da start götürəcək. Hazırda hər iki komanda 15 xalla turnir cədvəlinə liderlik edir.